İtaliyanın Suriyadakı səfirliyinə silahlı şəxslər daxil olub - Nazir
Suriyalı üsyançı qruplar İtaliyanın Suriyadakı səfirliyinə daxil olublar.
Xeberlent.az xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.
“Suriya üsyançıları rejim adamlarını axtarmaq üçün İtaliya səfirinin iqamətgahının həyətinə daxil olublar. Hadisə nəticəsində səfir və qərargahın mühafizə işçiləri xəsarət almayıb. Üsyançılar 3 avtomobili özləri ilə aparıblar”, - deyə nazir qeyd edib.
Antonio Tayani İtaliya Baş naziri və müdafiə naziri ilə daim əlaqə saxladığını bildirib.
İtaliyanın müdafiə naziri Quido Krosetto italyan personalın təhlükəsizliyini və onların mümkün surətdə çıxarılmasını təmin etmək üçün bütün variantları nəzərdən keçirdiklərini deyib.
Yerli media İtaliya Nazirlər Şurasının Müdafiə və Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirlikləri ilə koordinasiya şəraitində Suriyadakı vəziyyəti daim izlədiyini yazıb.