Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?
Avqustun 12-də Avropa İttifaqının Bakıdakı ofisində səfir Piter Mixalko, ofisin bəzi əməkdaşları və Aİ-yə daxil olan ölkələrin Azərbaycandakı səfirlərinin iştirakı ilə AXCP sədri Əli Kərimli, Musavat Partiyasının sabiq və indiki sədrləri İsa Qəmbər və Arif Hacılı, həmçinin müxalifəti təmsil edən daha bir neçə şəxsin iştirakı ilə görüş keçirilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, görüşdə regionda və Azərbaycanda hazırkı durum, ölkəmizdəki ictimai-siyasi vəziyyət, müxalifətin fəaliyyəti və digər məsələlər müzakirə olunub.
Məlumata görə, səfir Piter Mixalko müxalifətin hazırkı fəaliyyətsizliyi məsələsinə toxunaraq, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell yaranmış durumdan ciddi narazılığını müxalifət təmsilçilərinin diqqətinə çatdırıb. Azərbaycandakı cari durumu qısa şəkildə təsvir edən P.Mixalko deyib ki, uzun illərdir ABŞ və Aİ müxalif qüvvələrin fəallığının təmin edilməsi, hakimiyyətə təsir və təzyiq imkanlarının gücləndirilməsi üçün müxalifətə böyük vəsaitlər ayırıb. Bunun müqabilində isə cəmiyyətin narazı hissəsini arxasınca aparmalı olan müxalifət fəaliyyətini yalnız virtual məkanda replikalar paylaşmaqla, müxalifətçiliyi imitasiya etməklə məşğuldur. Hazırda seçkilərlə əlaqədar siyasi fəallığını yüksəltməli olan qüvvələr artıq bu imitasiyanı da lazımi şəkildə edə bilmirlər.
P.Mixalko nümunə kimi Gürcüstan müxalifətini və vətəndaş cəmiyyətini göstərərək bildirib ki, həm Azərbaycana, həm də Gürcüstana ayrılan vəsaitlərin həcmi eyni olsa da, qonşu ölkədə vətəndaş cəmiyyəti hakimiyyətə çox ciddi təsir etmək və iqtidarı sarsıdacaq addımlar atmaq imkanlarına malikdir.
Məsələyə münasibət bildirən müxalifət liderləri deyiblər ki, ABŞ və Aİ-nin dəstəyi olmasa, müxalifət öz mövcudluğunu qoruyub saxlaya bilməz. Eyni zamanda, fasiləsiz maliyyə yardımının daxil olmasına baxmayaraq, ölkədə mövcud mühit siyasi fəallığa və real nəticələr göstərməyə imkan vermir. Qeyd olunub ki, müxalifətin, TV-lər də daxil olmaqla, mediaya çıxışı yoxdur, sosial media vasitəsilə ciddi nəticələr əldə etmək mümkün deyil, aksiyaların keçirilməsinə imkan verilmir və s. Üstəlik Qərbin maliyyə dəstəyi də dayanarsa, bu, Azərbaycanda müxalifətin sonu demək olacaq.
Bundan sonra P.Mixalko maliyyələşmənin davam etdirilməsi üçün müxalifətin qarşısına qoyulan tələbləri səsləndirib. O bildirib ki, hazırkı seçki dövrünün açdığı imkanlardan istifadə edərək kütləvi tədbirlərin həyata keçirilməsi zəruridir. İlk növbədə müxalifət regionlardakı durumu düzgün qiymətləndirməli, şəhər və rayonlarda öz bazasını səfərbər etməli və paytaxt da daxil olmaqla, kütləvi aksiyaların təşkilinə və keçirilməsinə başlamalıdır. P.Mixalko zəruri hallarda müxalifət iğtişaşlardan da çəkinməməli və qarşıdurmaya getməyi bacarmalıdır. Məsələn, bu və ya digər məsələdən narazı olan kütlə tərəfindən etiraz əlaməti olaraq regionlarla Bakı arasında əsas yolların bağlanmasını təşkil etmək mümkündür.
P.Mixalko gənclərin bu prosesə cəlb edilməsinin vacib olduğunu deyib, kiçik multimedia qruplarının yaradılmasını, onların ölkə üzrə bütün neqativ halları qeydə alması və paylaşmasını təklif edib. Əvvəlki illərin təcrübəsindən çıxış edərək Aİ ofisinin rəhbəri abidələrin, heykəllərin boya ilə rənglənməsinin, tələblərin əks etdirilməsinin də etiraz üslubu olduğunu xatırladıb.
Bildirilib ki, etirazların təşkil olunması üçün kifayət qədər səbəb və mövzu da var: uşaqpulu, qazilərin sosial durumu, bahalaşma, korrupsiya, Qarabağın bərpası prosesində vəsaitlərin sərfiyyatının şəffaf olmaması və s.
P.Mixalkonun sözlərinə görə, indiki seçkilərdən sonra Azərbaycan COP29-a ev sahibliyi edəcək. Bu tədbir cəmiyyəti silkələmək, ayağa qaldırmaq üçün əlverişli şərait yaradır. Bütün bunları təşkil etmək üçün müxalifətin fəaliyyət proqramı olmalıdır və bu proqrama uyğun da tədbirlər həyata keçirilməlidir. Əsas vəzifə COP29-u mümkün qədər siyasiləşdirmək və beynəlxalq ictimaiyyətin diqqətini bu mühüm tədbiri keçirən ölkədə mövcud problemlərə cəlb etməkdir.
Hazırda Azərbaycanla Ermənistan arasında normallaşma məsələlərinə toxunan P.Mixalko bildirib ki, Aİ Xarici əlaqələr komitəsi hazırda Azərbaycanın Ermənistana təzyiqlərindən, Aİ-nin regiondakı siyasətinə və ələlxüsus da Ermənistandakı missiyasına kəskin münasibətindən, Qarabağ ermənilərinin geri dönməsi məsələsində mövqeyindən bərk narahatdır. O, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrelin sözlərini çatdıraraq deyib ki, müxalifət bu məsələlərdə xüsusi fəallıq göstərməli, hakimiyyətə maksimum təzyiq göstərməli, onun yumşalmasına və geri çəkilməsinə nail olmalıdır.
P.Mixalko deyib ki, Aİ istənilən halda onların fəaliyyətinə bəraət qazandıracaq və hər cür dəstək verəcək.
Qeyd edək ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi C.Borrel bu qurumda Azərbaycana qarşı çıxış edən ən fəal şəxslərdən biridir. 44 günlük müharibədən sonra onun müntəzəm qaydada verdiyi açıqlamalar Ermənistanın mövqeyinin müdafiəsi və Azərbaycanın təcavüzkar kimi təqdim olunması məqsədi daşıyıb. C.Borrel Aİ missiyasının Ermənistana göndərilməsi, onun hərbləşdirilməsi və Qarabağ ermənilərinin müdafiəsi istiqamətində atılan addımların əsas təşəbbüskarı olub, Azərbaycan ərazilərini tərk edən ermənilərin sayını qəsdən şişirdərək 150 min nəfər kimi qeyd edib.
Həm xarici, həm də Azərbaycan mediasında C.Borrellin tərcümeyi-halı, fəaliyyəti və hazırkı mövqeyinin səbəbləri ilə bağlı çoxsaylı materiallar verilib. Qeyd edilib ki, C.Borrel separatçı Kataloniyanın Pobla de Segur kəndində anadan olub və bu bölgənin bir gün azad ola biləcəyi arzusu ilə yaşayıb. O, 1974-cü ildə İspaniyanın Sosialist Fəhlə Partiyasına üzv olub və Kommunist İnternasionalının ideyalarını bölüşüb. 1986-cı ildə Barselona əyalətindən İspaniya parlamentinə seçilən Borrel 2004-cü ildə Avropa parlamentində kürsü əldə edib və “Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı”nın boz kardinalı hesab olunur. Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyətində bu fraksiyanın və şəxsən Borrelin ciddi rolu var.
Onun fəaliyyəti qalmaqalsız olmayıb: 1982-1987-ci illər arasında vergi bəyannamələrini təqdim olunmaması izahı ilə külli miqdarda gəlir əldə edən Borrel qadın “Flamenqo” ifaçısı Lola Floresə qarşı seksual təzyiq göstərib və bu, Madrid məhkəməsi tərəfindən təsdiqlənib.
Sonda Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və digərləri çıxış edərək bildiriblər ki, səsləndirilən iradlar haqlıdır, hazırkı mürəkkəb durumda belə müxalifət fəallığını qoruyub saxlamağı bacarmalıdır. Bildirilib ki, Aİ tərəfindən irəli sürülən tələblər aydındır və onların yerinə yetirilməsi ilə bağlı lazımi addımlar atılacaq.
Qeyd edək ki, görüşdə Fransa və Niderlandın səfirləri xüsusi fəallıq göstərərək müxalifətin canlandırılması üçün tədbirləri gücləndirməyi tələb ediblər. Nə qədər anlaşılmaz olsa da, görüşdə ABŞ və Böyük Britaniyanın səfirləri də iştirak ediblər. Buna görə də görüş Aİ-Azərbaycan müxalifəti formatından kənar çıxıb. Həmçinin diqqəti cəlb edən məqamlardan biri də, masanın üzərində Aİ bayrağı ilə yanaşı LGBT bayrağının qoyulması da olub. Üstəlik, P.Mixalko çıxışında irəli sürülən tələblər sırasında müxalifətin seksual azlıqların hüquqlarının müdafiəsi istiqamətində addımlar atmalı olduğunu diqqətə çatdırıb.