“Yalquzaq” səhnəyə çıxır
Azərbaycan
Dövlət Kukla Teatrında vətənpərvərlik mövzulu daha bir tamaşa hazırlanır.
Teatrın
uşaqları tarixi irsimizə, soy kökümüzə, milli-mənəvi dəyərlərimizə bağlı ruhda
formalaşdırmaq missiyasının davamı olan bu maarifləndirici tamaşa “Yalquzaq”
adlanır.
Yazıçı-dramaturq
Məhbubə Hacıyevanın “Yalquzaq və Simurq
quşunun nağılı” hekayəsi əsasında hazırlanan birhissəli uşaq tamaşanın səhnələşdirəni
və quruluşçu rejissoru Anaxanım Abdullayeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı
Əməkdar artist Vüqar Camalzadədir.
Modern
üslubda hazırlanan tamaşanın səhnə tərtibatında qum üzərində təsvirlər ön plana
çıxacaq. Beləcə parket kuklalar (biri canlı plan olmaqla) və iri monitor vasitəsilə
qum üzərində rəsmlərin sintezində (qumla rəsmlərin müəllifi Lalə Hüseynzadədir)
vizual həllə nail olunub.
Tamaşada
rolları Rəhim Rəhimov (Ata qurd), Ramiz Qəmbərov (Yalquzaq), Səbinə Məmmədova
(Ana Qurd), Nərmin Əhmədova (Simurq quşu), Araz Həsənli (Baybora) və Yasin
Abbasov (Bala qurd) ifa edirlər.
Nümunə düşmənlər tərəfindən yandırılaraq məhv
edilmiş türk qəbiləsindən təsadüfən sağ qalmış azyaşlının qurdlar tərəfindən
xilas olunması və böyüdülməsi hekayəsi üzərində qurulub.
Balaca
teatrsevərlər tamaşa vasitəsilə insanlarla heyvanların, ümumiyyətlə vəhşi təbiətlə
cəmiyyətin təmasının müsbət hasilinə vurğunu görəcəklər.
Yalquzaqın
timsalında qurdların insan övladına mərhəməti, həmçinin düşmənlərə qarşı
intiqam ruhunda tərbiyəsi, güclü və ədalətli varlığa çevrilməsi də təsvir olunur.
Belə ki, Simurq quşunun köməyi ilə insanlara
qoşulan Yalquzaq dara düşən qurd ailəsini
də unutmur. Sözsüz ki, zamanında onun doğmalarını öldürüb, yurd-yuvasını viran
qoyan yağılardan da qisasını alır.
Nəticədə ətrafına güclü dostlar toplayan Yalquzaq haqqın zəfərinə inamın nümunəsi kimi dillər əzbərinə çevrilir.