Türkiyəli iş adamı 10 il azadlıqdan məhrum edildi
Mənimsəmə maddəsi ilə ittiham olunan və 2021-ci ildən məhkəməsi davam edən Fransa vətəndaşı, türk iş adamı Mehmet Şahanın cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Xeberlent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarovun sədrliyi ilə keçirilən son prosesdə hökm elan edilib. Mehmet Şahan 10 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, daha öncəki prosessdə ittiham nitqi ilə çıxış edən dövlət ittihamçısı Babaxan Həsənəliyev məhkəməyə təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
İttihama görə, “Thales İnternational Western Counties B.V.” transmilli korporasiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Şahan Mehmet Mehmetali oğlunun 2014-2021-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin Şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd və eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəməsinə, habelə həmin məqsədlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.
Şahan Mehmet Mehmetali oğluna Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.