Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirildi - FOTOLAR
Yanvar ayının 15-də Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhərinin prokurorluq orqanları tərəfindən 2024-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Xeberlent.az xəbər verir ki, müşavirəni giriş nitqi ilə açan Baş prokuror Kamran Əliyev bildirib ki, 2024-cü il dövlətimiz, eləcə də xalqımız üçün bir sıra əlamətdar və tarixi hadisələrlə yadda qalmışdır. İlk dəfə ərazilərimizin suverenliyinin tam təmin olunduğu şəraitdə 7 fevral 2024-cü il tarixdə keçirilmiş növbədənkənar seçkilərdə möhtərəm Prezident cənab İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.
Bundan əlavə yola salınan ildə paytaxtımız bir sıra dünya miqyaslı tədbirlərin keçirilməsinə ev sahibliyi edib. Belə ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP 29), həmçinin 27 sentyabr - 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası, 29-cu İllik Konfransı və Ümumi Yığıncağının Bakı şəhərində yüksək təşkilatçılıqla keçirilməsi təmin olunub.
Baş prokuror bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində paytaxtımızın inkişafı, abadlaşdırılması, vətəndaşlarımızın rahat həyat şəraitinin və istirahətlərinin təmininə istiqamətlənmiş kompleks tədbirlərin icrası 2024-cü ildə də davam etdirilmişdir. Bakıda “Xaqani” bağının, Mərkəzi Parkın üçüncü hissəsinin və Mərkəzi Nəbatat Bağının və vətəndaşlarımızın istifadəsinə verilmiş bir sıra digər park, müəssisə, tarixi və mədəni abidələrin açılışı bu kimi tədbirlərə misal göstərilmişdir.
Çıxışı zamanı Baş prokuror eyni zamanda Azərbaycan Respublikası Prokurorluğuna göstərilən dövlət qayğısından bəhs edərək məhz bu sayədə hesabat dövründə əməkdaşların xidməti iş şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra prokurorluqların, o cümlədən Bakı şəhəri Nərimanov rayon prokurorluğunun ən müasir standartlara cavab verən yeni inzibati bina ilə təchiz edildiyini bildirib.
Kamran Əliyev tərəfindən qeyd edilib ki, əvvəlki ildə olduğu kimi 2024-cü ildə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Bakı şəhərinin rayon prokurorluqları tərəfindən vətəndaşların qəbulu həyata keçirilməklə qəbulda olmuş ümumilikdə 587 vətəndaşın müraciətləri üzrə müvafiq tədbirlər görülmüşdür.
Hesabat dövründə görülmüş işlərə münasibətdə isə diqqətə çatdırıldı ki, Bakı şəhər prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində zəruri işlər görülmüşdür.
Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri Elşən Abbasov hesabat dövründə paytaxtın prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, Baş prokurorun rəhbər göstərişlərinin icrası istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, 2024-cü il ərzində Bakı şəhər prokurorluq orqanlarında 649 cinayət işinin ibtidai istintaqı aparılmış və həmin cinayət işlərindən 194-nün istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmiş, habelə hesabat dövründə prokurorluq orqanları tərəfindən istintaq edilmiş cinayət işləri üzrə müəyyən edilmiş 16 milyon 979 min 167 manat maddi ziyandan 12 milyon 425 min 084 manatının (73,2%) ödənilməsi təmin olunmuşdur. Bundan əlavə 2024-cü ildə Bakı şəhər prokurorluq orqanlarına 21411 müraciət daxil olmuş, həmçinin Bakı şəhər Prokurorluğunda 2387, tabe rayon (şəhər) prokurorluqlarında isə 6831 olmaqla, ümumilikdə 9218 vətəndaş qəbul edilərək dinlənilmiş, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilmişdir.
Həmçinin vurğulandı ki, 2024-cü il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 14925 cinayət hadisəsi qeydiyyata alınmışdır ki, onların 88,8 %-nin açılması təmin olunub.
Bakı şəhərinin daxili işlər orqanları ilə qurulmuş peşəkar əməkdaşlıq münasibətləri zəminində həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə qeydə alınmış 50, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilib.
Xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılmış, şəhər prokurorluq orqanları əməkdaşlarından 1 nəfər intizam məsuliyyətinə cəlb olunaraq tutduğu vəzifədən azad edilmiş, 15 əməkdaşa xəbərdarlıq edilmişdir.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev şəhər prokurorluğunun struktur qurumları və tabe rayon prokurorluqlarının hər birinin fəaliyyətini təhlil edərək cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti, müraciətlərə baxılması, vətəndaşların qəbulu, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması istiqamətində konkret tapşırıqlar vermişdir.