“Torpaqların deqradasiyası və iqlim dəyişikliyi” mövzusunda panel müzakirələr keçirilib - FOTOLAR
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Torpaqların deqradasiyası və iqlim dəyişikliyi: Mərkəzi Asiya, Qafqaz ölkələri və quraq iqlim regionları arasında itkilər, zərərlər və əməkdaşlığın gücləndirilməsi imkanları” mövzusunda dəyirmi masa keçirilib.
Xeberlent.az xəbər verir ki, “Mavi zona”da baş tutan tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Əziz Abduhakimov, hər iki ölkənin aidiyyati qurumlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri və mütəxəssislər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Əziz Abduhakimov bildirib ki, bütün dünyada olduğu kimi Mərkəzi Asiya və Qafqaz regionu da sürətli iqlim dəyişikliyi və torpaqların deqradasiyası problemləri ilə üzləşir. Quraqlıq, səhralaşma və digər ekstremal iqlim hadisələrinin artan tezliyi və intensivliyi kənd təsərrüfatı, su ehtiyatları və biomüxtəliflik üçün təhlükələri artırır. Müasir çağırışlar fonunda iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsi, dayanıqlı inkişafın təmin olunması üçün dünya ölkələri arasında regional və qlobal səviyyədə əməkdaşlığın gücləndirilməsi zərurətə çevrilib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, dünyada torpaq ehtiyatlarının təxminən 40%-nin deqradasiyaya uğraması qlobal böhran olaraq ekosistem, ərzaq təhlükəsizliyi və su resurslarına təhlükə yaradır. Son onilliklərdə dünyada qeyri-davamlı kənd təsərrüfatı təcrübələri, meşələrin qırılması, şəhərlərin genişlənməsi və iqlim dəyişikliyinin artan təsirləri torpaqların deqradasiyası prosesini sürətləndirib. Birləşmiş Millətlər Təşkilatının Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasına (UNCCD) əsasən, hər il 12 milyon hektar ərazinin deqradasiya nəticəsində itirildiyi təxmin edilir. Nazir müasir çağırışlar fonunda dayanıqlı inkişafa nail olmaq üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, iqlim dəyişikliyinin aqrar sahəyə mənfi təsirlərini azaltmaq, mövcud torpaq və su resurslarından daha səmərəli istifadə etmək üçün müasir texnologiyalardan istifadə genişlənir, iqlimə uyğun kənd təsərrüfatı sistemlərinin inkişafına dəstək verilir. Müasir suvarma sistemlərinin tətbiqi, torpaq deqradasiyasının qarşısının alınması və torpaq münbitliyinin artırılması ilə bağlı fəaliyyətlərdə fermerlərə güzəşt və kreditlər şəklində dövlət dəstəyi göstərilir.
Tədbirdə çıxış edən Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassani, Qazaxıstan, Belarus və digər ölkələrin nümayəndələri, kənd təsərrüfatı və su ehtiyatları üçün əsas risklərin və təhdidlərin müəyyən edilməsi, torpaqların deqradasiyası və iqlim dəyişikliyi ilə bağlı mövcud vəziyyət, müasir çağırışlar fonunda torpaq və su resurslarından səmərəli istifadə, resursqoruyucu yanaşmaların tətbiqi, ətraf mühitin mühafizəsi və dayanıqlı təsərrüfatçılıq ənənələrinin formalaşması, yerli iqlim və iqtisadi şəraiti nəzərə alan adaptiv strategiyaların hazırlanması istiqamətində regional əməkdaşlıq məsələlərinə toxunublar.
Tədbir çərçivəsində Aral dənizi hövzəsi regionunda ekoloji fəlakətin aradan qaldırılması, torpaqların deqradasiyası ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərlə bağlı video çarx nümayiş olunub.