Dünən məhv edilən erməni hərbçilər bu hərəkatın üzvləri imiş
Xəbər verdiyimiz kimi, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.
Xeberlent.az xəbər verir ki, əməliyyat nəticəsində 2 erməni hərbçisi məhv edilib, daha bir nəfər yaralanıb. Həmçinin dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Erməni KİV-in məlumatına görə, məhv edilən hərbçilər həm də "Yer Mühafizəsi Könüllüləri Birliyi" adlı hərəkatın üzvləri olublar. Hərəkat 1993-cü ilin iyulunda Ermənistan Respublikasının ilk müdafiə naziri Vazgen Sarkisyan tərəfindən hərbi məqsədlərlə təsis edilib. O, Birinci Qarabağ müharibəsi zamanı terrorçu dəstələrin hərbi və siyasi komandirlərindən biri idi.
2019-cu ildən hərəkata "Sasun" könüllü dəstəsinin komandiri, erməni deputat Sasun Mikayelyan rəhbərlik edir.