Azərbaycanda bu avtomobillər ucuzlaşacaq - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, gələn ildən “Vergi Məcəlləsinə” ediləcək dəyişikliklərə əsasən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının növbəti 3 ildə Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilir.
“İstehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalamlar olacaq. Belə ki, ƏDV-dən azad olma onların xərcinin orta hesabla 18 faiz azalmasına səbəb olacaq”.
Bu barədə Xeberlent.Az-a Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq həmin maşınların qiymətlərində azalmaların olacağı qacılmazdır: “Söhbət təbii ki, son 3 ildə istehsal olunan avtomobillərdən gedir. Digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə də tələbin artmasına gətirib çıxaracaq.
Elektrik mühərrikli avtomobillərin də vergidən azad olunması da müsbət haldır. Bu ölkəmizdə həmin avtomobillərdən istifadəyə marağı artıra bilər”.
Qeyd edək ki, Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin satışı da ƏDV-dən azad edilir. İndiyədək elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad idi. Bundan sonra elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad edilir.
Bundan başqa, layihədə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının, habelə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.(Bakivaxti.az)